Sevillyada basketbol üzrə İspaniya Superkubokuna yekun vurulub.

Turnirin final görüşündə hazırki çempion “Real Madrid”lə “Barselona” üz-üzə gəlib. İlk period “Real”ın üstünlüyü ilə başa çatsa da, ikinci 10 dəqiqəlik hissədə “Barselona” vəziyyəti xeyrinə dəyişib. İkinci hissə də eyni ssenari ilə keçib. Fasilədən sonra madridlilər təşəbbüsü ələ alıb. Amma oyunun sonuna 15 saniyə qalmış “Barsa” sloveniyalı ulduzu Mayk Tobinin dəqiq atışı ilə hesabı bərabərləşdirib. Görüşün taleyinə overtaymda aydınlıq gəlib. Son dəqiqəyə qədər hesab bərabər olsa da, “Real” basketbolçuları matçın sonunda “Barsa”nı çətin vəziyyətə salıb. Beləliklə də əzəli rəqibini 89:83 hesabı ilə məğlub edən Xesus Mateonun komandası 9-cu dəfə İspaniya Superkubokuna yiyələnib. Bu həm də Mateonun baş məşqçi kimi ilk tituludur. Xatırladaq ki, o, 11 il bu komandanı çalışdıran Pablo Lasonun uzun illər köməkçisi olub.  Turnirin ən dəyərli oyunçusu mükafatına  isə final görüşündə 24 xal və 12 ribaundla yadda qalan Valter Tavareş sahib çıxıb.